Laçın rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər təşkil olunmuşdur.
Laçın Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək rayonun bütün qadınlarına, xüsusilə şəhid və əsgər analarına rayon rəhbərliyinin ən səmimi salamlarını və bayram təbriklərini çatdırmışdır. Eyni zamanda rayon rəsmisi çıxışında bildirib ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək deyə bildirilmişdir .
Tədbirdə digər çıxış edənlər respublikamızda və Laçın rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs edərək öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.