Laçın rayonuna növbəti mərhələdə daha 21 məcburi köçkün ailəsi yola salındı.
Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən ilkin mərhələdə Laçın şəhərinə 700 ailənin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.
28.06.2024-cü il tarixində Laçın şəhərinə ümumilikdə 21 ailə - 65 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 13 ailə - 42 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 ailə - 2 nəfər, Abşeron rayonunda məskunlaşmış 4 ailə - 12 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Beyləqan rayonunda məskunlaşmış 1 ailə - 4 nəfər, Kürdəmir rayonunda məskunlaşmış 1 ailə - 3 nəfər, İsmayıllı rayonunda məskunlaşmış 1 ailə - 2 nəfər isə məskunlaşdıqları ərazidən Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq, bir yerdə Laçın şəhərinə yola salınmışdır. 28.06.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın şəhərinə ümumilikdə 534 ailə - 1971 nəfər köçürülmüşdür.
Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər