Laçın rayonuna növbəti mərhələdə daha 18 məcburi köçkün ailəsi yola salındı. 11.09.2024
Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına Böyük Qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən ilkin mərhələdə Laçın şəhərinə 700 ailənin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir dizaynla tikilərək yenidən bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır.
11.09.2024-cü il tarixində Laçın şəhərinə ümumilikdə 18 ailə - 59 nəfər, o cümlədən Bakı şəhərində məskunlaşmış 13 ailə - 42 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 ailə - 4 nəfər Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-3” yaşayış kompleksindən, Ağcabədi rayonunda məskunlaşmış 2 ailə - 7 nəfər, Bərdə rayonunda məskunlaşmış 1 ailə - 4 nəfər və Kürdəmir rayonunda məskunlaşmış 1 ailə - 2 nəfər isə məskunlaşdıqları ərazidən Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq, bir yerdə Laçın şəhərinə yola salınmışdır. 11.09.2024-cü il tarixindəki köç nəzərə alınmaqla, Laçın şəhərinə ümumilikdə 570 ailə - 2090 nəfər köçürülmüşdür.
Vətənə qayıdışın sevincini yaşayan laçınlılar işğal altında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər.