Laçın rayonu üzrə 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunlarına və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş metodiki toplantı keçirilmişdir.
2023-cü il 5 dekabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə “Laçın rayonu üzrə 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilmişdir.
Toplantıda Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, xidmət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Toplantıda çıxış edən məsul şəxslər tədbirin əhəmiyyətindən bəhs edərək, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Qarabağ Regional Mərkəzinin əməkdaşları müvafiq ərazidə mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat veriblər.
Daha sonra Qarabağ Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən danışaraq, ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında toplantı iştirakçılarını məlumatlandırmışlar. Qeyd olunmuşdur ki, cari ilin təqviminə uyğun olaraq ərazidə yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki köməkliklər göstərilmişdir.
Metodiki toplantının sonunda mövzu ilə bağlı müzakirələr aparılmış, suallar ətraflı şəkildə cavablandırılmışdır.