Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri "Rəqəmsal sənəd dövriyyəsi" altsisteminin istifadə qaydası ilə əlaqədar təlimdə iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli, 2279 nömrəli Fərmanına əsasən dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaradılmışdır.
Həmin Fərmanın 5-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarına 2023-cü il noyabrın 1-dək, yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərə 2024-cü il avqustun 1-dək mövcud elektron sənəd dövriyyəsi sistemlərini altsistemə inteqrasiya etməklə digər dövlət orqanları ilə sənəd mübadiləsinin həmin altsistem üzərindən aparılmasını təmin etmələri tapşırılmışdır.
Sözügedən Fərmanla müəyyən edilmiş tapşırıqların icrası ilə əlaqədar "Rəqəmsal sənəd dövriyyəsi" altsisteminin istifadə qaydası ilə bağlı 2023-cü il 5 dekabr tarixdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri ilə onlayn təlim keçirilmişdir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları "Rəqəmsal sənəd dövriyyəsi" altsisteminin istifadə qaydası ilə bağlı təlim iştirakçılarına ətraflı məlumatlar çatdırmış, sistem üzərindəki əməliyyatlarların gedişi barədə izahlı məlumatlar vermişlər.
Təlimdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsul işçiləri də iştirak etmişlər.
Sonda təlim iştirakçılarını "Rəqəmsal sənəd dövriyyəsi" altsistemi mövzusunda maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.