Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin rayon sakinləri ilə görüşü-səyyar qəbulu Şəki rayonu Bolludərə kəndində keçirildi. 24.06.2024
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2024-cü il 24 iyun tarixində Şəki rayonu Bolludərə kəndində - Şəki rayonu Bolludərə kənd tam orta məktəbinin həyətində keçirilmişdir.
36 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərinin tikinti-quruculuq işlərini daha da sürətləndirdiyindən danışmışdır.
Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirmişdir.
Rayon rəhbəri çıxışında, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya, keçmiş köçkünlərin “Böyük Qayıdış” Proqramına uyğun olaraq ata-baba yurdlarına qayıdışına görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.