Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Tərtər rayonunda keçirilmişdir
2022-ci il 19 may tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti fəaliyyət göstərən Laçın rayonunun Çaylı kənd tam orta məktəbinin inzibati binasında keçirilmiş, 47 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmış, Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda 4 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.