Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Oğuz rayonunda keçirildi. 12.09.2024

12 sentyabr 2024 | 18:46

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2024-cü il 12 sentyabr tarixində Oğuz şəhərində - Oğuz Rayon Təhsil Sektorunun inzibati binasının akt zalında həmin rayonun ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir. 

53 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən danışmışdır.

Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini  bildirmişdir. O, daha sonra çıxışında Azərbaycan  Respublikasının  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin  yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.        

          Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər