Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhərinin Səbail rayonunda keçirildi.

04 avqust 2023 | 16:14

Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin laçınlı  məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2023-cü il 4 avqust tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, Laçın rayonunun Badamdar ümumi orta məktəbinin binasında keçirilmişdir.

          Əvvəlcə Vətən müharibəsi şəhidi Etibar Nəcəfovun məktəb binasının qarşısında inşa edilmiş xatirə abidəsi önünə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli tərəfindən qərənfil dəstələri qoyularaq, onun  əziz xatirəsi ehtiramla yad edilmişdir.

          Daha sonra 35 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən   Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından, eyni zamanda 2022-ci il 26 iyun tarixində         Laçın rayonu ərazisinə səfər etməsi zamanı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərindən, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərdən, “Həkəriçay” su anbarı layihəsi ilə tanış olmağından danışmış, 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndlərinin ordumuzun tam nəzarətinə götürülməsini ölkə rəhbərliyinin torpaqlarımızın bütünlüklə azad olunması istiqamətindəki qətiyyətinin bariz nümunəsi olduğunu bildirmiş, 2022-ci il 21 sentyabr tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca dördüncü dəfə səfəri zamanı Laçın şəhərində Azərbaycanın üçrəngli Bayrağını ucaltmağı və “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməyini, 2023-cü il 4 may tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca beşinci səfəri zamanı  Güləbird kəndinin təməlqoyma mərasimində iştirak etməyini  Azərbaycan tarixinin ən əlamətdar hadisəsi olduğunu bildirmişdir. Həmçinin rayon rəhbəri Prezident İlham Əliyevin 2023-cü ilin 27 və 28 may tarixlərində işğaldan azad olunmuş Laçın rayonuna səfərindən danışaraq, Laçın şəhərinə qayıdan əhali ilə görüşünün və onlara mənzillərinin açarlarının təqdim olunmasının bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacağını bildirmişdir. İkinci köçürmə mərhələsində 22 ailə 72 nəfər sakinin, üçüncü köçürmə mərhələsində 13 ailə 44 nəfər sakinin, dördüncü köçürmə mərhələsində 15 ailə 53 nəfər sakinin,  beşinci köçürmə mərhələsində 23 ailə 85 nəfər, altıncı köçürmə mərhələsində 18 ailə 73 nəfər sakinin, yeddinci köçürmə mərhələsində         22 ailə 79 nəfər sakinin, səkkizinci köçürmə mərhələsində 19 ailə 89 nəfər sakinin, doqquzuncu köçürmə mərhələsində 16 ailə 56 nəfər sakinin, onuncu köçürmə mərhələsində 12 ailə 53 nəfər sakinin Laçın şəhərinə köçürüldüyünü vurğulayan rayon rəhbəri köçürmə prosesinin mərhələlərlə davam etdiriləcəyini də bildirmişdir.                                                                                                                                   

         Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini  bildirmişdir. O, daha sonra çıxışında Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.

     Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

    Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

      Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər