Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Vağazin obasında keçirildi
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2023-cü il 5 dekabr tarixində Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Vağazin obasında – Laçın rayonunun Vağazin kənd 2 nömrəli tam orta məktəbinin inzibati binasının həyətində həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir.
48 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından, eyni zamanda 2022-ci il 26 iyun tarixində Laçın rayonu ərazisinə səfər etməsi zamanı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərindən, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərdən, “Həkəriçay” su anbarı layihəsi ilə tanış olmağından danışmış, 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndlərinin ordumuzun tam nəzarətinə götürülməsini ölkə rəhbərliyinin torpaqlarımızın bütünlüklə azad olunması istiqamətindəki qətiyyətinin bariz nümunəsi olduğunu bildirmiş, 2022-ci il 21 sentyabr tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca dördüncü dəfə səfəri zamanı Laçın şəhərində Azərbaycanın üçrəngli Bayrağını ucaltmağı və “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməyini, 2023-cü il 4 may tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca beşinci səfəri zamanı Güləbird kəndinin təməlqoyma mərasimində iştirak etməyini Azərbaycan tarixinin ən əlamətdar hadisəsi olduğunu bildirmişdir. Həmçinin rayon rəhbəri Prezident İlham Əliyevin 2023-cü ilin 27 və 28 may tarixlərində işğaldan azad olunmuş Laçın rayonuna səfərindən danışaraq, Laçın şəhərinə qayıdan əhali ilə görüşünün və onlara mənzillərinin açarlarının təqdim olunmasının bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacağını bildirmişdir. İyirmi köçürmə mərhələsində ümumilikdə 363 ailə
1 389 nəfər sakinin Laçın şəhərinə, beş köçürmə mərhələsində ümumilikdə 121 ailə 475 nəfər sakinin Zabux kəndinə köçürüldüyünü vurğulayan rayon rəhbəri köçürmə prosesinin mərhələlərlə davam etdiriləcəyini də bildirmişdir.
Rayon rəhbəri 25 avqust 2023-cü il tarixində ölkə Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Laçın rayonuna səfərindən danışaraq, ölkə rəhbərinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdiyini, dövlət başçısının Mehriban xanım Əliyeva ilə birlikdə Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə, həmçinin Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olduqlarını, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, bir sıra müəssisələrdə yaradılan şəraitlə tanış olduqlarını, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etdiklərini, Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak etdiklərini, Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak etdiklərini, Laçın rayonunda mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak etdiklərini, Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olmalarını və burada kənd sakinləri ilə görüşdüklərini diqqətə çatdıraraq 26 avqust 2023-cü il tarixində “Laçın şəhəri günü” münasibətilə təşkil olunmuş bayram tədbirində iştirak etdiklərini bildirmişdir.
Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirmişdir. O, daha sonra çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.