Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü Şərqiyə Vəliyevanı anadan olmasının 90 illik yubileyi ilə bağlı təbrik etmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2026-cı il 1 iyul tarixdə Laçın rayonunun Nağdalı kəndindən olan, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, “Qəhrəman Ana” Şərqiyə Vəliyevanın evində olmuş, onu anadan olmasının 90 illik yubileyi münasibətilə təbrik etmiş, ona daha uzun ömür, möhkəm cansağlığı arzulamışdır.
Rayon rəhbəri Aqil Nəzərli Şərqiyə Vəliyevanın keçdiyi nümunəvi həyat yolundan, peşəkar əmək fəaliyyətindən danışaraq, onun əməyinin dövlət tərəfindən ən ali səviyyədə qiymətləndirildiyini - ona Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünün təyin olunmasını - dövlətimiz tərəfindən bütün laçınlılara olan diqqətin təzahürü kimi dəyərləndirmişdir.
Bildirilmişdir ki, Şərqiyə Vəliyeva erkən yaşlarından anası ilə birlikdə doğma kəndində maldarllıq sahəsində sağıcı kimi əmək fəaliyyətinə başlamışdır. O, maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7 400 litr süd sağdığına görə 22 mart 1966-cı il tarixdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Sovetlər dönəmində SSRİ Kənd Təsərrüfatı sərgisində iştirak edən Şərqiyə Vəliyeva 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır. O, xüsusi bacarığına və fəallığna görə Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir.
Şərqiyə Vəliyeva əməkdə qazandığı uğurlara görə iki dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "Xalqlar Dostluğu" ordeni, "Şərəf Nişanı" ordeninə layiq görülmüş, 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ona "Prezident təqaüdü" verilmişdir. O, 2023- cü ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir.
Şərqiyyə Vəliyeva ona göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tükənməz minnətdarlığını bildirmişdir.






