Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli növbəti görüş-səyyar qəbulu Ağsuda keçirmişdir.
2022-ci il 24 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağsu rayonunun Xanbulaq kəndi ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Ağsu rayonunun Xanbulaq kəndi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Fərəcan kənd tam orta məktəbinin həyətində-açıq hava şəraitində 46 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından danışmışdır. Çıxışda eyni zamanda şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışılmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığı, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyi bildirilmişdir.
Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.