Laçın Rayon İcra Hakimiyyətində şəhid ailələri, müharibə əlilləri və veteranları ilə aparılan işlərə dair geniş müşavirə keçirildi
2022-ci il 20 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında Laçın Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının, Laçın Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və veteranları və ilə aparılan işlərə dair geniş müşavirə keçirildi.
Müşavirəni giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli açaraq, tədbir iştirakçıları tərəfindən Vətən torpağı uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi.
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli 2020-ci ilin 27 sentyabrından başlayaraq bu günümüzə qədər Qarabağ regionu ətrafında cərəyan edən hadisələrdən danışaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfərə imza atmasından danışmış, bu qələbənin qazanılmasında şəhid olan soydaşlarımızın misilsiz xidmətlərindən, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açmışdır.
Sonra rayonda şəhid ailələri, müharibə əlilləri və veteranları ilə aparılan işlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevin ətraflı məruzəsi dinlənildi.
Məruzədə Ulu öndər Heydər Əliyevin veteranlara, şəhid ailələrinə və Qarabağ əlillərinə daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Diqqətə çatdırıldı ki, cənab Prezidentin cari ildə imzaladığı sosial paketlərin tələblərinə uyğun olaraq şəhid ailələri, müharibə veteranları və Qarabağ əlilləri hərtərəfli qayğı ilə əhatə olunmuş, onların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, onlar mənzillərlə təmin olunaraq minik avtomobilləri hədiyyə edilmişdir və bu proqram ardıcıl şəkildə uğurla davam etdirilir.
Müşavirdə qeyd olunmuşdur ki, Laçın rayonunda da şəhid ailələrinə, Qarabağ əlillərinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir. Onların müraciətlərinə həssaslıqla baxılaraq qanuni tələbləri dərhal yerinə yetirilir və həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret işlər görülür.
Məruzə ətrafında çıxış edən idarə, müəssisə rəhbərləri idarə etdikləri müəsissələrdə vakant iş yerləri yarandıqca şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranlarının işlə təmin olunmalarına köməklik olunduğunu qeyd edərək, bundan sonrada bu istiqamətdə işlərini davam etdirəcəklərini bildirmişlər.