Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

22 iyun 2022 | 16:58

2022-ci il 22 İyun tarixdə Laçın Rayon İcra Hakimiyyətində 23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Laçın  Rayon İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli 23 iyun - Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli işlərində uğurlar arzuladı. Natiq qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd  edilir.

              Sərəncama görə, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixini “Dövlət qulluqçularının peşə bayramı günü” elan etməsi faktı ilə əlaqədar bu tarixin  Azərbaycanda da Dövlət qulluqçularının peşə bayramı günü kimi keçirilməsi qərara alınıb. Xüsusilə qeyd olunub ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət  qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Minnətdarlıqla qeyd olunmuşdur ki, bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  daim diqqətindədir. Daha sonra mövzu ətrafında çıxış edənlər dövlətə, vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd etdilər.
             44 Günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin və möhtəşəm Zəfərin  dövlət qulluqçularının  peşə bayramlarına xüsusi sevinc gətirərək, unudulmaz etdiyini bildirən rayon rəhbəri Türkiyə ilə qardaşlığımıza, bəzi dövlətlərin qısqanclıqla yanaşmasına  baxmayaraq, Azərbaycanın doğru yolda olduğunu, cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmizi daha böyük uğurlar gözlədiyini inam hissilə vurğulayaraq,  bir daha əlamətdar gün münasibətilə dövlət qulluqçularına xoş arzu və təbriklərini bildirdi. Tədbirin sonunda bir qrup dövlət qulluqçusu qiymətli hədiyə ilə təltif olundu. Tədbir iştirakçıları dövlət qulluqçularına göstərilən hərtərəfli  diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.

Keçidlər