Laçın rayon 23 saylı tam orta məktəbində narkomaniyanın zərərlərindən bəhs edən tədbir keçirilmişdir
2024-cü il 1 mart Laçın rayon 23 nömrəli tam orta məktəbində Laçın Rayon Hakimiyyətinin və Laçın Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu zərər və ona qarşı mübarizəyə həsr olunan tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Laçın Rayon Polis şöbəsinin rəis müavini Faiq Salahov, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Narkomaniyanın zərərlərindən danışan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bildirmişdir ki, tədbirin əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa çağırmaq, onları bu sahədə maarifləndirməkdir. Tədbirdə rayon rəsmisi mövzu ilə bağlı ətraflı çıxış edərək bütün bəşəriyyət üçün ciddi təhlükəyə çevrilən narkomaniyanın təəssüf ki, cəmiyyətimizdən yan keçmədiyini, “ağ ölüm “lə mübarizəyə hamılıqla qoşulmağın zəruriliyini vurğulamışdır
Sonra məktəblilər qarşısında çıxış edən Laçın Rayon Polis şöbəsinin rəis müavini Faiq Salahov narkotiklərin qanunsuz dövriyyəsi, narkomaniya və psixotrop maddələrin fəsadları və onlara qarşı mübarizənin forma və metodlarından, narkomaniyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, qeyd etmişdir ki, “ağ ölüm” kimi tanınan narkomaniyanın bəlası cəmiyyətdə, insan həyatında sağalmaz fəsadlar yaradaraq, ailədə və cəmiyyətdə bir sıra ağır cinayətlərin törədilməsinə səbəb olur.
Tədbirdə məktəblilərə bu ağır bəladan uzaq olmaq və narkomaniyaya qarşı mübarizə aparmaq üçün dəyərli məsləhətlər verilib. Pedaqoji kollektivə vaxtaşırı şagirdlər arasında bu mövzuda qabaqlayıcı profilaktik söhbətlər aparılması tövsiyə olunmuşdur.