İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdilər.
Bildirildi ki, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən rayon işğal olunan vaxt Sus kəndində 53 ailə - 203 nəfər yaşayırdı. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin (75 nəfər) köçürülməsi təmin olunub.
Diqqətə çatdırıldı ki, 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.