Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev və Azərbaycan dili

01 avqust 2023 | 15:24

           Dil hər bir millətin mənəvi siması, onun milli varlığının timsalı, milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.

        Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda Azərbaycanın görkəmli dövlət xadimləri, ziyalıları - şair, yazıçı, dramaturq və dilçiləri böyük fədakarlıqlar göstəriblər.

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Belə ki  hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilsə də, lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilmişdir

           Müasir dövlətçilik tariximizdə özünəməxsus yeri və rolu olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin genişmiqyasılı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil etmişdir.

 

Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və  ardıcıl 

dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.

               Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı.

                 Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi. Bu baxımdan Azərbaycan Dövlət Universitetinin (BDU) 50 illik yubiley tədbirində Heydər Əliyevin  rus dilində deyil, doğma ana dilində çıxışı ölkə  ziyalılarının böyük rəğbətini qazanmaqla  onlara mənəvi dəstək olmuşdur.

                 Bununla yanaşı Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilməsi, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit olunması görkəmli dövlət xadimi kimi Heydər Əliyevin mühüm xidmətlərinin bariz nümunəsidir.

        Eyni zamanda Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də ulu öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” həmçinin  “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanları  Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafıkalı Azərbaycan əlifbasına keçidə başlandı ki bu da ulu öndər Heydər Əliyevin böyük tarixi xidmətlərindəndir.

              Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.

      Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir. Heydər Əliyev Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər görüb.              

     Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun  layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər  Əliyevin dil siyasəti, onun  dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.. 

 

 

Keçidlər