“Heydər Əliyev uşaqların gözü ilə”
4 noyabr 2023-cüü il tarixində Laçın Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon sektorunun birgə dəstəyi ilə rayonun Taxta Körpü tam orta məktəbində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev uşaqların gözü ilə” mövzusunda tədbir keçirilmişdir.
Laçın rayon Taxta Körpü tam orta məktəbinin binasında keçirilən tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Taxta Körpü tam orta məktəbin direktor əvəzi Elmidar Məmmədov bildirdi ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, bu barədə günlərlə, aylarla danışmaq olar. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir istiqaməti geniş tədqiqat mövzusudur. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ümummilli Lider hakimiyyətinin hər iki dövründə gənclərimizin təhsilinə, elmin sirlərinə dərindən yiyələnmələrinə xüsusi diqqət göstərmiş və bu qayğısını davamlı addımları ilə təsdiqləmişdir. Bu gün Azərbaycan dünyada innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. Təbii ki, bu uğurun əsasında dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 20 ildə bu xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Məhəmməd Şahbazov Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş bəhs edərək bildirdi ki, bu gün hər bir Azərbaycan gənci müstəqillik yolumuzun heç də hamar olmaması barədə aydın təsəvvürə malik olmalıdır. Bugünkü inkişaf üçün kimə borclu olduğumuzu bilməli, onlara əmanət olan Heydər Əliyev irsini qorumalı və geniş təbliğ etməlidirlər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, ən əsası torpaq, Vətən sevgisini özündə əks etdirən düşünülmüş siyasətinin nəticəsində Azərbaycan dövlət müstəqilliyini əbədi və sarsılmaz etdi. Bu gün hər bir Azərbaycan gənci belə müasir müstəqil, qalib ölkənin vətəndaşı olduğu üçün qürurludur.
Xüsusilə qeyd olunmuşdur ki, bu gün ulu öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Xüsusilə valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır.
Tədbirdə uşaqlar dahi şəxsiyyət Heydər Əliyev haqqında təəssüratarını bölüşməklə, Ulu Öndər, azad Qarabağ və Vətənlə bağlı şeirlər söyləmişlər. Tədbir Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı videoçarxa tamaşa edilməsi ilə yekunaşmışdır.