Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev ili" çərçivəsində Laçın Rayon İcra Hakimiyyətində dəyirmi masa təşkil edilmişdir

18 yanvar 2023 | 17:40

       2023-cü il 18 yanvar tarixdə "Heydər Əliyev ili" çərçivəsində Laçın Rayon İcra Hakimiyyətinin təqvim planına əsasən “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

           Laçın Rayon İcra Hakimiyyətinin konfrans zalında  baş tutan tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

         Əvvəlcə Ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

          Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev qeyd etmişdir ki,  33 il əvvəl  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər təkcə faciə deyil, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri, ictimai-siyasi təfəkkürümüzdə yaranmış milli oyanış, milli azadlıq hərəkatının  yüksəliş zirvəsi idi.

          Daha sonra Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Cabir Əvəzzadənin “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda oxuduğu məruzə ətrafında fikir mübadilələri aparılmışdır.

            Dəyirmi masada çıxış edən digər natiqlər qanlı 20 Yanvar hadisələri baş verən zaman Moskvada Ulu Öndərimiz Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada xalqımıza qarşı təcavüzkar siyasəti tənqid etməsindən, həmçinin Azərbaycan hökumətinin yüksək vəzifə sahiblərini öz xalqına qarşı etinasızlıqda günahlandırmasından bəhs etmiş, Ümummilli lider Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşmasından söhbət açmışlar. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksinin də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa olunması, həmçinin Ümummilli lider Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixdə imzaladığı müvafiq Fərmanla 20 Yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımıza “20 yanvar şəhidləri” fəxri adının verilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

           Tədbirdə xüsusilə qeyd olunmuşdur ki, bu gün Qarabağ  şəhidlərimizlə yanaşı 20 Yanvar şəhidlərimizin, həmçinin Ulu Öndər Heydər Əliyevin də ruhu da  şaddır. Çünki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun erməni işğalçılarının hərbi təxribatlarına qarşı 2020-ci ilin sentyabrından başlayaraq cəmi 44 gün davam edən haqq savaşı ordumuzun Şanlı Qələbəsi ilə nəticələnərək işğal altındakı torpaqlarımız azad edilmişdir. Ona görə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhid olan hər bir soydaşımızın ruhları bu gün şaddır.

           Sonda Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev tədbirə yekun vuraraq, "Heydər Əliyev ili" çərçivəsində ilboyu silsilə tədbirlərin davam etdiriləcəyini bildirmişdir.

Keçidlər