Həsrəti və niskili azadlığa və abadlığa dönən yurdumuz: LAÇIN!
18 may 1992-ci il...Bəli, hər bir laçınlının böyük ağrı-acı və kədərlə yaddaşlarına həkk olunan bu tarix artıq 6-cı ildir ki, Laçının azadlığına qovuşduğu qürurla, fəxarətlə və sevinclə qeyd etdiyimiz tarixlərlə əvəz olunub.Bütün əzab-əziyyətli, itkilərlə, faciələrlə dolu işğal dövründə Laçın və laçınlıların başına gələn bütün müsibətlər, illərlə həsrət, qəm-kədər, yurd-yuvasız həyat heç vaxt onların doğma torpaqlarına qovuşacağı günə olan ümidlərini yox etmədi. Ümummilli Lider Heydər Əliyevin hələ 1996-cı ildə, Laçın rayon sakinləri ilə görüşü zamanı göstərdiyi diqqət və qayğı, mənəvi dəstək, Laçının azadlığına qovuşacağı ilə bağlı böyük əminliklə söylədiyi fikirlər hər bir laçınlı üçün heç vaxt sönməyən ümidin başlanğıcı oldu. Tarix bir daha göstərdi ki, uzaqgörən Lider , Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi fəlaiyyəti, onun layiqlı davamçısı Ali Baş Komandan İlham Əliyevin yüksək peşəkarlığı bu gün bütöv, suveren və qüdrətli Azərbaycanın simasında əks olunan bir nümunədir.
Doğrudan da, hər bir məcburi köçkün kimi biz laçınlılar da illərlə çəkdiyimiz əzabları və çətinlikləri bu gün Ali Baş Komandanın başçılığı ilə qüdrətli Ordumuz sayəsində geridə qoyaraq azadlıq tariximizin ən qürurlu anlarına şahidlik edirik. Şəhidlərimizin qanı bahasına, igidlərimizin rəşadəti ilə geri alınan doğma torpaqlarımızda bu gün böyük həvəs və qürurla həyatımızda yeni mərhələyə qədəm qoyduq. Dövlətimizin və Prezident İlham Əliyevin şəxsən öz xüsusi diqqət və qayğısını hər qarışında hiss etdiyimiz o torpaqlar böyük tikinti, quruculuq və abadlıq dövrünü yaşayır. Təcavüzkar qonşularımızın vandallığı, qeyri-insani əməlləri nəticəsində dağıdılmış , zəngin flora və faunasının, qədim tarixi abidələrinin məhv edildiyi digər əzəli torpaqlarımız kimi Laçın rayonunda da görülən genişmiqyaslı bərpa işləri hər mənada göz oxşayır. 2020-ci l 1 dekabr tarixində heç bir güllə atılmadan təhvil verilən Laçın rayonu bu gün öz əzəməti və gözəlliyi ilə nəinki ölkəmizin, bütün dünyanın diqqət mərkəzindədir.
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində 2023-cü ilin may ayında Laçın şəhərinə ilk köç həyata keçirildikdən sonra , ardıcıl olaraq rayonun Zabux, Sus və Bəylik kəndləri də öz doğma sakinlərinə qucaq açmışdır. 2025-ci il may ayının 28-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimi keçirilmişdir. Mürəkkəb dağlıq relyefdə inşa edilən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır və bu mühüm hadisə Laçın rayonunun beynəlxalq nüfuzu və turizm potensialının inkişafı üçün böyük töhfədir. Hazırda Laçın rayonu ərazisində bir neçə yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin tikintisi sürətlə davam etdirilir və yaxın gələcəkdə mərhələli şəkildə bütün rayon əhalisinin öz doğma el-obalarına qayıdışı təmin keçirilcəkdir.
Ölkəmizdə hər il 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur və bu tarix Dövlət başçısı cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilmişdir. Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçın rayonuna mütəmadi etdiyi səfərlər və rayonda aparılan tikinti-quruculuq işləri ilə yaxından nəzarəti Laçına və laçınlılara olan xüsusi diqqət və qayğısının bariz təzahürüdür.
Bu gün dövlətin hərtərəfli diqqəti və dəstəyi ilə əhatə olunan Laçın rayonu abadlığı, gözəlliyi ilə göz oxşayır. Biz laçınlılar hər zaman dövlətimizlə əl-ələ verib, illərdir həsrətində olduğumuz yurd yerlərimizdə böyük fəxrlə, sevinc və ruh yüksəkliyi ilə yaşayıb- yaradaraq yenidən əzəmətli Laçınmıza öz töhfəmizi verəcəyik.






