Əhalinin ekoloji maarifləndirilməsi mövzusunda tədbir keçirilmişdir
2023-cü il 13 fevral tarixdə əhalinin ekoloji maarifləndirilməsi işinin təşkili ilə bağlı Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin, Laçın Suvarma Sistemləri İdarəsinin, Laçın Rayon Kommunal Müəssisələri Kombinatının, Laçın Rayon Yaşıllaşdırma idarəsinin rəhbərliyi, Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak etmişlər.
Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, tədbirin mahiyyəti barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhalinin ekoloji maarifləndirilməsi işinin yerli icra hakimiyyəti orqanlarının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Ölkəmizdə bir çox ekoloji problemləri həll etmək üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir. Taxta Körpü ərazisində də ekoloji vəziyyətinə mənfi təsir göstərən məişət tullantılarının utilizasiyası ilə əlaqədar mütəmadi tədbirlər görülür. Ekoloji təbliğatın aparılmasının ətraf mühitin təmiz olmasında böyük rolu vardır. Əraf mühitin qorunması üçün hər bir vətəndaşın vicdanla, düşüncəli şəkildə təması müsbət nəticələr verə bilər.
Tədbirdə ərazidə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərə dair məruzə dinlənilmişdir.
Tədbirdə Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sahib Quluyev, Laçın Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Cavid Hüseynov, Laçın Rayon Yaşıllaşdırma idarəsinin rəisi Taleh Nəsibov ekoloji maarifləndirmə işinin təşkili ilə bağlı görülmüş işlərdən danışmış, bu istiqamətdə öz təkliflərini vermişlər.
Sonda Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirdiyini vurğulamış, əhali arasında ekoloji maariflənmə və məlumatlılıq səviyyəsinin artmasının aidiyyəti məsul vəzifəli şəxsin gündəlik işi olduğunu bildirmiş, bu sahədə hər bir kəsə uğurlar arzulamışdır.