Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır
Artıq ölkəmizdə prokurorluq orqanlarının yaranmasının 104-cü ili tamam olur. Hər il olduğu kimi bu ildə oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.
Bu gün respublikamızın hər yerində olduğu kimi, Laçın rayonunda da 1 oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilmişdir.
Əlamətdar gün münasibətilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, aparatın məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ağcabədi rayonu Taxtakörpü ərazisində müvəqqəti fəaliyyət göstərən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzərək böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 104 illiyi münasibətilə prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, onlara ən xoş arzularını çatdırmışdır.
Tədbirdə Laçın Rayon prokuroru İlqar Səadətov rəhbərlik etdiyi kollektiv adından onlara yaradılan şəraitdən və göstərilən hərtərəfli diqqət və qayğıdan razı qaldıqlarını, buna görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək, bundan sonra da fəaliyyətlərində dövlətə və dövlətçiliyimizə ləyaqətlə xidmət edəcəklərini bildirmişdir.