Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Qayıdışın böyük uğurları: Laçın rayonunun Zabux kəndində eyniadlı tam orta məktəb bu gündən fəaliyyətə başlamışdır

13 dekabr 2023 | 11:23

     Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar işğaldan azad olmuş ərazilərdə də uğurla həyata keçirilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 22-də Laçın rayonunun Zabux kənd tam orta məktəbinin binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən qısa müddətdə işğaldan azad edilmiş Zabux kəndində 176 şagird yerlik ikimərtəbəli məktəb binası inşa edilmişdir.

       2023-cü il dekabrın 13-də Laçın rayonunun Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlamışdır. Bununla əlaqədar təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Laçın rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb kollektivi, valideynlər, Zabux kənd sakinləri, həmçinin digər qonaqlar iştirak etmişlər.

       Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov çıxış edərək məktəb binasının açılışı münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Sonra tədbir iştirakçıları təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olmuşlar.

      Məktəbdə ilkin olaraq 35 şagird təhsilə cəlb edilmişdir. 176 şagird yerlik ikimərtəbəli məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, gənclərin çağırışaqədərki hazırlığı və tibb otağı, kitabxana, idman, həmçinin 105 yerlik akt zalı, yeməkxana, bufet mövcuddur.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2023-cü il avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olmalarını və burada kənd sakinləri ilə görüşünü xatırlayan Zabux kənd sakinləri onlara tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər