“Bir ömrün imzası” adlı tədbir keçirildi.
28 aprel 2025-i il tarixdə Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə “Bir ömrün imzası” adlı tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxışında müstəsna xidmətləri ilə əbədilik qazanan akademik Zərifə Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında geniş məlumat verərək bildirib ki, o, Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz rol oynayıb. Zərifə Əliyeva vaxtilə traxoma xəstəliyinin öyrənilməsi, peşə göz xəstəliklərinin profilaktikası və müalicəsi, oftalmologiyanın müasir problemləri üzrə sanballı tədqiqatlar aparıb, “Terapevtik oftalmologiya” və “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi məqalənin, 1 ixtiranın və 12 səmərələşdirici təklifin müəllifidir.
Laçın Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi Humanitar Məsələlər Şöbəsi müdirinin müavini Məhəmməd Şahbazov, rayon ziyalısı, YAP veteranı Tahir Bayramov və digər çıxışlarda vurğulanıb ki, akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan novator alim olmaqla yanaşı onun onun elmi-pedaqoji fəaliyyəti sayəsində gənc alim-kadrların yetişdirilməsində, oftalmoloq-həkimlərin ixtisasının artırılmasında da böyük xidmətləri olmuşdur.
Çıxışlarda o da qeyd olunmuşdur ki, Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə partiya vəsiqələri təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.