Bərk məişət tullantılarının idarə olunması sahəsində aparılan işlərin vəziyyəti müzakirə edilmişdir
2023-cü il 13 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətində “Bərk məişət tullantılarının idarə olunması sahəsində işlərin vəziyyəti” ilə bağlı tədbir keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.74-cü yarımbəndində bərk məişət tullantılarının idarə olunması ilə bağlı işlərin davam etdirilməsi məsələsinin icraçılarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının müəyyən edildiyini bildirərək, bu sahədə bir çox işlərin görüldüyünü qeyd edərək, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Elsevər Yusifov bərk məişət tullantılarının idarə edilməsi sahəsində görülmüş işlərin vəziyyəti, habelə bu sahədə maarifləndirmə işinin gücləndirilməsi istiqamətində gənclər arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin aparılmasının əhəmiyyəti və bu sahədə qarşıda duran vəzifələr barədə məruzə etmişdir.
Daha sonra Laçın Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Cavid Hüseynov “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda təqdimatla çıxış etmişdir. O, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların növləri, yığılması, daşınması, yerləşdirilməsi və ərazisində yaranmış, həmçinin zərərsizləşdirilmiş istehlak və istehsal tullantılarının məcmu və adambaşına düşən miqdarı barədə məlumat vermişdir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.