Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindəndir
Müxtəlif mənbələrdə Azərbaycanda baramaçılığın tarixinin uzaq keçmişə - V əsrə gedib çıxdığı təsdiqlənir. Bildirilir ki, XII əsrdən etibarən Azərbaycan ipəyinin Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunmasına başlanıb. XVII əsrin 30-cu illərində Azərbaycana səfər etmiş Adam Olearinin verdiyi məlumata görə burada hər il 10-20 min tay xammal toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay Qarabağın payına düşürdü (hər tayın çəkisi təxminən 5,5 pud idi). Deməli hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunurdu.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş isə keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. O vaxt respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul edilmişdi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə respublikada barama tədarükü 36,1 faiz artmışdı. Respublikamız barama istehsalına görə keçmiş Sovet birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu.
Ölkəmizdə baramaçılığın inkişafında dönüş Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində 2016-cı ildən başladı. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli sərəncamlar imzaladı. Bəhs olunan sənədlər ölkə üzrə baramaçılığın potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaratdı. Həmçinin dövlət başçısının “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli Sərəncamlarına uyğun olaraq Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi, digər dəstək tədbirləri bu sahəyə marağı daha da artırıb. Eləcə də dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Dövlət Proqramında 2025-ci ilə qədər ölkə üzrə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Qeyd olunanlardan göründüyü kimi, son illərdə respublikamızda baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir. Artıq ölkəmizin 40-dək bölgəsində insanlar baramaçılıqla məşğul olaraq bu sahədən yaxşı gəlir götürürlər.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasına həvəslə qoşulan laçınlı məcburi köçkünlər hər il olduğu kimi cari ildə də barama mövsümünün müvəffəqiyyətlə başa çatdırılması üçün müvafiq tədbirlər görmüşlər.
Belə ki, rayonda barama istehsalının artırılması üçün Laçın Rayon İcra Hakimiyyətinin və DAİM-in Laçın rayon bölməsinin birgə təşkilatçılığı ilə vaxtaşırı kümçülərlə görüşülərək müvafiq müzakirələr aparılmış, onlara lazımi tövsiyələr verilmişdir.
Hazırda barama mövsümünün başlanması ilə əlaqədar kümçülərə barama qurdlarının vaxtında paylanışı təmin edilərək, onlara zəruri köməkliklər göstərilir.
Bu ilin məhsulu üçün laçınlı kümçülər tərəfindən götürülən ipəkqurdu hazırda lazımi səviyyədə bəslənilir ki, bunun nəticəsində də ötən ilə nisbətən daha çox məhsul götürüləcəyi gözlənilir.