Azərbaycandan olan Türkiyə generalı Firudin bəy Daryal
Firudin bəy Daryal 1900-cü ildə indiki Laçın rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Əsil adı Fərman olsa da mühacirət dönəmində sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün digər mühacirlərin bir çoxu kimi ad və soyadını dəyişmək məcburiyyətində qalmışdır. Ad olaraq əmisi oğlu Firudinin, soyad olaraq isə kəndlərində olan "Daryal" adlı ərazinin adını götürmüşdür. Hələ kiçik yaşlarında öz cəsarəti və iradəsi ilə seçilən Firudin bəy yüksək atıcılıq qabiliyyətinə malik olmuşdur. Kazanda hərbi məktəbdə təhsil alan Firudin Bəy Daryal 20 yaşında Azərbaycan Ordusunun zabiti olmuşdur.
Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayında xidmət edən Firudin Bəy Daryal 23 sentyabr 1918-ci ildə başlayan Qarabağ hərəkatında qatılaraq, Şuşanın erməni daşnaklarından azad edilməsi əməliyyatında iştirak etmişdir. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Firudin bəyin xidmət etdiyi süvari alayı göstərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü almışdı. Yanvar ayının 15-i Qarabağın General Qubernatoru vəzifəsinə təyin olunan Xosrov bəy Sultanov Firudin bəyin igidliyinə bələd olduğu üçün onu özünə köməkçi götürmüşdür. Cümhuriyyət ordusunun gənc zabiti Firudin bəy Daryal xalq qəhrəmanı Sultan bəy Sultanovun başçılıq etdiyi yerli özünümüdafiə dəstələri ilə birgə indiki Laçın rayonunu Tat dərəsi adlı ərazisində erməni generalı Andranik Ozanyanın ordusunun məhv edilməsi əməliyyatında iştirak edərək göstərdiyi igidliyə görə orden və medallarla təltif olunmuşdur.
1920-ci ilin mart ayında Qarabağ və Zəngəzurda düşmən təhlükəsi yenidən artır. Erməni daşnak qoşun birləşmələri martın 21-dən 22-nə keçən gecə Xankəndində yerləşən Cavanşir piyada alayının kazarmalarına qəfləti basqın edib, daha sonra Əsgəran yolunu bağlayırlar. 22 mart tarixindən etibarən Xosrov bəy Sultanov və Həbib bəy Səlimovun başçılığı ilə erməni generalı Dronun qoşunlarına qarşı Əsgəran bölgəsində şiddətli döyüşlər baş verir. 2 aprel 1920-ci ildə Dronun qoşunları məhv edilir. Firudin bəy həmin döyüşlərdə də igidliklə vuruşaraq yenidən Azərbaycan Cümhuriyyəti ordusunun süvari alayına qoşulur. 24 may 1920-ci ildə başlayan Gəncə üsyanında iştirak edir. Cümhuriyyətin 2-ci ildönümünə təsadüf edən və minlərlə insanın həlak olması ilə nəticələnən üsyan 31 may 1920-ci ildə "Qırmızı ordu" tərəfindən qəddarlıqla yatırılır. Gəncə üsyanından sonra 5 iyun 1920-ci ildə Nuru Paşanın komandanlığı ilə Qarabağda bolşeviklərə qarşı ikinci bir üsyan dalğası başlayır. Firudin bəy Gəncə üsyanından sağ qurtulan silahdaşları ilə üsyana qatılır. Qarabağ üsyanı da böyük amasızlıq ilə yatırılandan sonra, Firudin bəy Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə birgə, polkovnik Nuh bəy Sofiyevin və polkovnik Səməd bəy Rəfibəylinin (Sayqın) rəhbərliyi ilə Araz çayından İran ərazisinə keçərək, İran hökumətinin silahları təhvil vermək tələbini yerinə yetirmədikləri üçün hücuma məruz qalsalar da Araz çayı boyunca Türkiyəyə doğru hərəkət edirlər.
Firudin bəy Daryal 56 nəfəri zabit olan 1200-nəfərlik Azərbaycan birliyinin tərkibində Türkiyənin istiqlal savaşına qoşularaq 15-ci süvari alayının bölük komandiri vəzifəsini icra etmiş, 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan şərq hərəkatında igidliklə vuruşmuşdur. Sarıqamışın, Kağızmanın, Qarsın, İğdırın, Gümrünün geri alınması əməliyyatlarında iştirak etmiş, bu döyüşlərdə yaralanaraq qazi ünvanı almışdır. Sağaldıqdan sonra 26 avqust 1922-ci ildə Türkiyənin qərb bölgəsinin yunanların işğalından azad edilməsi üçün başladılan "Böyük hücum" əməliyyatlarında iştirak etmiş, 9 sentyabr 1922-ci il tarixdə öz bölüyü ilə İzmirə girən ilk süvarilərdən olmuşdur. Savaşdan sonra Firudin bəy Daryal Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" ordeni ilə təltif olunmaqla bərabər İstanbulda ali hərbi təhsilini davam etdirmişdir.
zərbaycanın müstəqillik qazanmasından 2-il öncə, 1989-cu ildə 88 yaşında Türkiyədə vəfat edən Firudin Bəy Daryalın cənazəsi xüsusi hərbi mərasimlə, böyük hörmət və ehtiramla Qaraca Əhməd məzarlığında dəfn edilmişdir