Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi laçınlılar tərəfindən təntənəli qeyd edilmişdir

10 may 2023 | 20:56

    2023-cü il 10 may tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları, həmçinin rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş geniş ümumrayon tədbiri keçirilmişdir.

   Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Laçın  Rayon İcra Hakimiyyətinin    inzibat binası qarşısında ucaldılmış   büstünü ehtiramla ziyarət edərək önünə tər güllər düzmüşlər.

   Sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında çoxşaxəli fəaliyyəti və göstərdiyi müstəsna xidmətlərinə dair Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Rayon rəhbərinin məruzəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  iştirakçılara bir daha ətraflı məlumat verilərək bildirmişdir ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Ümummilli lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etmiş, Azərbaycanı inkişaf yoluna çıxarmışdır. Qədirbilən Azərbaycan xalqının hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə  əvəzedilməz işlər görmüş, tarixi proseslərə təsir göstərmək qabiliyyətinə malik unudulmaz rəhbəri Heydər Əliyevi qürur və sevgi  hissi ilə xatırladığı xüsusilə qeyd olunmuşdur.

        Rayon rəhbərinin məruzəsində  bildirilmişdir ki, son 20 ilə yaxın bir dövrdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirməklə dövlət müstəqilliyimizi möhkəmləndirərək  beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu daha da artırmış, qətiyyətli rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalçılarından azad edilərək bütün köçkünlərin torpaq həsrətinə son qoyulmuşdur.

      Məruzədə minnətdarlıq hissi ilə vurğulanmışdır ki, 2023-cü il laçınlılar üçün  xüsusilə əlamətdardır. Çünki dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyini təntənə ilə qeyd edən laçınlılar üçün bu il  həm də ata-baba yurdlarına qayıdış ili olacaqdır.

       Sonra tədbirdə  Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və şərəfli fəaliyyəti barədə  “Əsrin adamı“ adlı sənədli filmə tamaşa olunmuşdur. Yüksək əhval-ruhiyyə şəraitində  keçirilən  ümumrayon tədbirində Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun qabaqcıl ziyalıları, hüquq mühafizə orqanlarının,  idarə, müəssisə, təşkilat rəhbərləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri, ictimai fəallar və çoxsaylı qəsəbə sakinləri  iştirak etmişlər.

        Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumrayon tədbirinin rəsmi  hissəsindən sonra tədbirin bədii hissəsi Ulu Öndər Heydər Əliyevin adını daşıyan  istirahət parkında davam etdirilmişdir. Tədbirdə “Heydər Əliyev məktəblilərin  gözü ilə” rəsm sərgisinə və Heydər Əliyev haqqında yazılmış çoxsaylı kitablara baxış keçirilmiş, rayonun respublikada tanınmış müğənnilərinin ifasında rəngarəng musiqi nömrələri dinlənilmiş, sonda atəşfəşanlıq seyr edilmişdir.

        Tədbir bütün iştirakçılarda xoş bayram  əhval-ruhiyyəsi yaratmışdır.

 

 

Keçidlər