Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyəti -Şərqin ilk demokratik respublikasıdır

28 may 2024 | 08:46

Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ili tamam olur. Ötən illərdən fərqli olaraq üçüncü  ildir ki, 28 May - Azərbaycanın müstəqilliyi gününü ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış və xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

          106 il öncə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirməklə, yaradılmasında və fəaliyyət göstərməsində Azərbaycanın tərəqqipərvər siyasi elitası-Məhəmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin , Xosrov bəy Sultanovun və başqalarının böyük xidmətləri olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək bununla da xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirmişdir. Əldə olunmuş müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, yaşadığı qısa müddət ərzində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, dövlət institutlarının təsis olunması, qadınlara səsvermə hüququnun bəxş edilməsi, tolerantlıq ənənələrinin əsasının qoyulması kimi tarixi nailiyyətlərə imza atmışdır.

            Həmçinin, fəaliyyəti dövründə  Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək Azərbaycanın ilk Parlamentini və hökumətini təşkil etməklə ölkənin sərhədləri müəyyənləşdiriərək, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmiş, ordu quruculuğu sahəsində ciddi tədbirlər, islahatalar həyata keçirilməyə başlanmışdır. Ölkədə maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət edilərək bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməklə irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıraraq  xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir.

            23 aylıq  dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, ilk iclası 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmaqla, 145 iclası keçirilmişdir. Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir.

Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. O da tarixi həqiqətdir ki, ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz.  Hələ sovet dönəmində   Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirərək, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının  yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni yenidən bərpa olundu.

          XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görməsi sayəsində  ölkədə davamlı ictimai-siyasi sabitlik  bərqərar edildi.

             Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmaqla həmin ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının parlaq təzahürü kimi mühüm əhəmiyyət kəsb etdi.

                  Bu gün ulu öndər ideyaları  onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Cənab Prezidentin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

                   Fərəhli haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümlərini xalqımız  qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində  şanlı qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu isə dövlət müstəqilliyimizin ildən- ilə möhkəmləndiyini qüdrətinin dahada artdığını göstərir. Bir daha  bütün bunlar əminliklə söyləməyə əsas verirki müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır. Həmçinin, minnətdarlıq hissi ilə onu da qeyd edirik ki,   28 May günü laçınlılar üçün ikiqat bayramdır. Məhz 28 may 2023-cü il tarixində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir duası ilə laçınlı köçkünlərin 30 illik yurd həsrətinə son qoyularaq onların Laçın şəhərinə “Böyük Qayıdışı”na başlanmışdır.

          Xatırladaq ki, xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edib. Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib. Odur ki, ölkə Prezidentinin Sərəncamı ilə   təsdiqlənmiş “Müstəqillik Günü haqqında” haqqında Qanunla  Mayın 28-i Müstəqillik Günü,  Oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilərək  hər il bayram günləri kimi qeyd edilməsi müəyyən olunmuşdur.

Keçidlər