Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələn məsələlərlə bağlı Laçın Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.

11 dekabr 2024 | 16:51

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar  Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncam ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı 2024-cü il 11 dekabr tarixdə Laçın Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.

Müşavirədə Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr, Laçın Su Meliorasiya Sistemləri İdarəsinin əməkdaşları iştirak etmişlər.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncam ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən həyata keçirildiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.

Qeyd edilmişdir ki, son illər ölkəmizdə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında xeyli və mühüm işlər görülmüşdür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir. Ölkəmizin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkəmizin su təchizatı sistemi daha da yaxşılaşdırılır, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunur və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilir.

Müşavirədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”dan irəli gələn məsələlər və bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə edilmiş, mövzu ətrafında maraq doğuran suallarla bağlı qarşılıqlı fikir mübadilələri aparılaraq, yerlərdə əhali arasında müntəzəm şəkildə lazimi maarifləndirici və məlumatlılıq tədbirlərinin aparılmasının həyata keçirilməsi üçün inzibati ərazi dairələri üzrə nümayəndəliklərə və Laçın Su Meliorasiya Sistemləri İdarəsinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər