“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”-nın icrası ilə bağlı tədbir keçirilmişdir.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”-nın 12.3.4-cü və 12.7.6-cı yarımbəndlərinin icrası ilə bağlı 27 dekabr 2024-cü il tarixdə Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması, monitorinq qruplarının məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması mövzularında tədbir keçirilmişdir. Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Aynurə Həsənova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi İdris Quliyev, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, Laçın rayonu üzrə Təhsil sektorunun psixoloqları, təhsil sahəsində daha çox təcrübəsi olan pedaqoqlar iştirak etmişdir. Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Aynurə Həsənova məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, zorakılıq qurbanlarının hüquqlarının müdafiəsinin təşkili istiqamətində rayonda görülmüş işlər haqqında geniş məlumat vermişdir.
Məişət zorakılığına səbəb olan hallar, zorakılıq qurbanlarının hüquqlarının müdafiəsinin təşkili və məişət zorakılığı törətmiş şəxslər üçün psixoloji reabilitasiya proqramlarının hazırlanması mövzusu geniş müzakirə edilmiş, əhalinin bu sahədə daha çox biliyə malik olması, onların monitorinq qrupuna inam və etibarının artırılması üçün daha təsirli tədbirlərin görülməsi, mediasiya təşkilatlarının mediatorlarının da tədbirlərə dəvət olunması, növbəti ildə təlimlərin kənd yerlərində təşkili və digər təkliflər irəli sürülmüşdür.