Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
2023-cü il 19 aprel tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Məsim Məmmədovun Laçın rayon ictimaiyyətinin nümayəndələri, habelə rayon ziyalıları və rayon fəalları ilə görüşü keçirilmişdir.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Azərbaycan Respublikası Prezidentinin “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” 2023-cü il 28 mart tarixli, 3806 nömrəli Sərəncamına əsasən Məsim Məmmədovun Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi münasibətilə onu rayon ictimaiyyətinin adından təbrik edərək, rayon ictimaiyyəti nümayəndələrinə təqdim etmişdir. Bu şərəfli vəzifədə ona uğurlar arzulayan rayon rəhbəri işğaldan azad edilmiş Laçın rayonu ərazisində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə planlı və məqsədyönlü şəkildə aparılan geniş tikinti, abadlıq və quruculuq işlərinin rayonun yaşayış məntəqələrinə xüsusi yaraşıq və məxsusi görkəm verəcəyinə əmin olduğunu bildirmişdir.
Daha sonra görüşdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələrindən İlqar İlyasov, Abuzər Abuzərov, Sədaqət Məhərrəmova, Əli Abbasov, Mübariz Rüstəmov, Fəxrəddin Paşayev, Mehman Nəcəfov, Qoca Qocayev, Eldəniz Mamedov, Nəciməddin İskəndərli və Möhübbət Həsənov ölkə başçısı cənab İlham Əliyevin bu təyinatını alqışlamış, Məsim Məmmədovun Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini layiqincə həyata keçirməsinə əmin olduqlarını, bu məsul işdə hər zaman ona hamılıqla yardımçı olacaqlarını bildirmişlər.
Məsim Məmmədov Laçın rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən bu görüşdən və onun təyinatı ilə bağlı ünvanına söylənilən təbriklərdən öz məmnunluğunu bildirmiş, işğaldan azad edilmiş Laçın rayonunda ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən təsdiq edilmiş baş plana uyğun çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, infrastrukturun tikintisi, bərpası və yenidən qurulmasına, ərazinin sosial-iqtisadi inkişafına nail olunacağını, ərazidə yeni iş yerlərinin, kənd təsərrüfatı, tədarük, emal, sənaye müəssisələrinin, turizm obyektlərinin yaradılması üçün əzmlə çalışacağını vurğulamışdır.
Sonda Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov görüş iştirakçılarında maraq doğuran sualları ətraflı şəkildə cavablandırmışdır.