Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Demokratik Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov

25 may 2022 | 15:08

    Adı Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri kimi tariximizə düşən laçınlı Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. İlk təhsilini  Gəncə gimnaziyasında bitirdikdən  sonra  Odessada  ali tibb təhsili alan Xosrov bəy Sultanov 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri  olmuşdur. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postuna təyin edilməklə,  Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.

     Həmçinin qeyd olunmalıdır ki, Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. Lakin 1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğundan bir müddət sonra, yəni 1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır.

          Görkəmli dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Xosrov Paşa bəy oğlu Sultanov   7 yanvar 1943-cü il tarixdə İstanbulda vəfat etmış və məzarı İstanbulun Feriköy qəbiristanlığındadır.

Keçidlər