Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə milli-mənəvi dəyərlərin təcəssümüdür.

15 may 2026 | 17:35

Ailə hər zaman cəmiyyətin özəyi , mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən çox mühüm  toplum olaraq qiymətləndirilir. Sağlam ailə sağlam cəmiyyətin güzgüsüdür və gələcək nəsillərimizin öz milli-mənəvi keyfiyyətlərini qoruyub saxlaması üçün onların məhz sağlam ailədə yetişmələri vacib nüansdır. Ölkəmizdə hər zaman müqəddəs hesab edilən ailə bu gün də dövlətin xüsusi himayəsindədir.

Ailə dəyərlərinə, milli-mənəvi keyfiyyətlərə xüsusi bağlılığı ilə seçilən Xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqət mərkəzində saxlamış, ailə meyarlarına onun öz münasibəti, öz yanaşması olmuş, milli – mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə böyük önəm vermişdir. Bu gün Azərbaycanda gənc ailələrə göstərilən dövlət qayğısı sabaha və sağlam gələcəyimizə hesablanan uğurlu siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ailə dəyərlərinin həssaslığını yüksək qiymətləndirərək söylədiyi “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır” fikirləri doğrudan da, dövlətimiz tərəfindən ailəyə, ailə dəyərlərinə göstərilən böyük diqqət və qayğının təzahürüdür. 

Məlum olduğu kimi, BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir. Ölkəmizdə də hər il bu əlamətdar gün münasibətilə silsilə tədbirlər, eləcə də sayılıb-seçilən və nümunəvi ailələrlə müxtəlif görüşlər təşkil edilir. Laçın Rayon İcra hakimiyyəti olaraq hər il Beynəlxalq ailə günü ərəfəsində rayonumuzun nümunəvi ailələri ilə görüşlər təşkil edilir. Belə görüşlərdən biri də birlikdə çıxdıqları həyat yoluna 50 illik ailə həyatı, 5 övlad, 14 nəvə, 2 nəticə sığdıran Heydərovlar ailəsi ilə oldu. Əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Heydərovlar ailəsinə rayon rəhbərliyinin salamlarını və xoş arzularını çatdıraraq görüş üçün minnətdarlıqlarını  ifadə etdilər. Onu da qeyd edək ki, ailə başçısı Süleyman Heydərov 50 ildir ömür-gün yoldaşı Şəkil Heydərova ilə birlikdə əl-ələ verərək bütün qayğıların öhdəsindən məharətlə gələn, hər kəsə nümunə ola biləcək böyük bir ailənin ocağına işıq saçırlar. Yüksək səmimi əhval-ruhiyyədə keçən görüş zamanı Vətənə, obaya ziyalı, vətənpərvər, zəhmətkeş övladlar yetişdirən Heydərovlar ailəsi möhkəm və sağlam ailə təməlinin necə qurulması, ailənin qorunub saxlanılması, gələcəyimiz üçün sağlam ruhda və düşüncədə övladlar yetişidirilməsi kimi əhəmiyyətli mövzulardan söhbət açaraq gənclərə və gənc ailələrə öz dəyərli tövsiyyələrini vermişlər. Həmçinin, görüşdə ailənin müqəddəsliyini və onun sarsılmaz təməllərə söykənməsi üçün ailə üzvlərinin hər zaman və hər bir vəziyyətdə bir-birinə arxa-dayaq olmasını, eləcə də bütün çətinliklərdə və problemli vəziyyətlərin həllində əl-ələ verərək həmin qayğıları aradan qaldırmağın vacibliyi qeyd olunmuşdur.

Sonda Heydərovlar ailəsi səmimi görüş üçün təşəkkürlərini bildirərək bundan sonra da  milli-mənəvi və ailə dəyərlərimizə sadiq olacaqlarını ifadə etdilər.

Keçidlər