Ailə cəmiyyətin ən müqəddəs təməl daşıdır
18 dekabr 2025-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın rayon 18 nömrəli tam orta məktəbində “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nazilə Abbasova ,rayonun 18 nömrəli tam orta məktəbinin müəllim kollektivi və şagirdləri iştirak etmişlər. Tədbirdə çıxış edən Nazilə Abbasova Azərbaycanda ailənin bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunduğunu qeyd edərək, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaratmışdır. Bu münasibət indi də dövlət başçısı cənab İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Ölkəmizin bütün sahələrində əldə edilən uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Eyni zamanda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti,uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərdiyini bildirmişdir.
Tədbirdə digər çıxış edənlər ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə rayonumuzda da dövlət ailə siyasətinin uğurla həyata keçiridiyini vurğulayaraq, gələcəyin ailə qurucularına öz tövsiyə və məsləhətlərini vermişlər.






