Laçınlı köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü ərzisində icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
2020-ci il yanvarın 15-də Laçınlı köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü rayon mədəniyyət evində Laçın Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Laçın Rrayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, Laçın Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin baş direktoru Güllü İbadova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin əməkdaşı Elvin Abbasov çıxış ediblər.
Laçın Rayon İcra Hakimiyyətinin rəsmisi, çıxışında tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyi adından salamlayaraq bildirib ki, keçirilən maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmana əsasən həyata keçirilir. Qeyd olunub ki, əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə cari ildən ölkə üzrə icbari tibbi sığortanın geniş tətbiqi nəzərdə tutulub.
Tədbirdə Laçın Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin baş direktoru Güllü İbadova rayon səhiyyəsi haqqında məlumat verərək, ölkə rəhbərliyi tərəfindən səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, icbari tibbi sığortanın uğurlu tətbiqinə başlanılmasından, həmçinin bununla əlaqədar rayon səhiyyəsində də bu sistemin icrası üçün görülmüş hazırlıq işlərindən danışmış, sistemin üstünlükləri barədə ətraflı məlumat vermişdir.
Sonra Agentliyin əməkdaşı Elvin Abbasov çıxış edərək tədbir iştirakçılarına icbari tibbi sığortanın xidmətlər zərfi, sığorta haqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat vermişdir. Çıxışda bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, qeyd olunub ki, imtiyazlı əhali qrupları sığorta haqqından azaddırlar.
Sonda vətəndaşları maraqlandıran bir sıra suallar Agentliyin əməkdaşı tərəfindən ətraflı cavablandırıldı.
Tədbirin keçirilməsi iştirakçıların geniş marağına səbəb olmaqla onlar tərəfindən razılıq hissi ilə qarşılanmışdır.