Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilmişdir.

09 yanvar 2020 | 16:00

2020-ci il 09 yanvar tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində - Laçın Rayon Təhsil Şöbəsinin  inzibati binasında həmin qəsəbənin ərazisində müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə keçirilmişdir.
87 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Taxta Körpü ərazisindəki obalarda müvəqqəti məskunlaşmış sakinlərdən 645 ailəyə bütün infrastruktura malik yeni qəsəbə salınmasından danışan rayon rəhbəri qısa müddət ərzində tikintinin başa çatdırıldığını, son tamamlama işlərinin aparıldığını və sakinlərin istifadəsinə veriləcəyini, bununla yanaşı mərhələli şəkildə digər sakinlərin də yeni tikilmiş mənzillərlə təmin ediləcəyini   bildirmişdir.  Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının  bariz nümunəsidir.
      Rayon İcra Hakimiyyətinin  başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni  işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
         Səyyar qəbulda 7 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu ərazidəki 552 ailəlik qəsəbəyə təsərrüfat suyunun çəkilməsi, qəsəbədəki mənzillərdə istifadə olunan mexaniki qaz sayğaclarının smart tipli sayğaclarla dəyişdirilməsi, qəsəbədaxili yolların təmiri, rayonun 37 nömrəli tam orta məktəbinə gedən yolun asfaltlanması məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri  iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər