Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 9 may-Qələbə Gününün 68-ci ildönümünü qeyd etdilər

10 may 2013 | 15:00

Dünya tarixinə 50 milyondan çox insan itkisi ilə düşən II dünya müharibəsi Azərbaycan xalqının yaddaşında da silinməz izlər buraxmışdır. Alman faşizmi üzərində qələbənin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 min nəfərdən çox oğul və qızı cəbhəyə yola salınmışdır. Bunlardan da 3660 nəfəri Laçın rayonunun  sakinləridir ki, onlardan isə 2426 nəfəri müharibədə qəhrəmanlıqla həlak olmuşdur. Hazırda rayon üzrə II dünya müharibəsinin iştirakçılarının sayı 25 nəfərdir.
         Eyni zamanda, Alman faşizmi üzərində Qələbənin əldə edilməsində 121 nəfər azərbaycanlı cəbhədə göstərdiyi xüsusi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan da bir nəfəri laçınlı Əvəz Verdiyevdir. Belə laçınlılarımızın keçdiyi qəhrəmanlıq yolu, erməni faşizminin xalqımıza qarşı apardığı müharibə şəraitində, gənclər üçün əsl örnəkdir.
9 May – Qələbə Gününün 68-ci ildönümü  münasibətilə  Laçın Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə  rayon sakinlərinin yaşadığı  ərazidə - Bakı və Sumqayıt  şəhərlərində, Abşeron,  Şəki,  Bərdə, Ağcabədi, Beyləqan, İsmayıllı rayonlarında  müvəqqəti məskunlaşmış  müharibə iştirakçıları ilə görüş keçirilmişdir. Böyük Vətən Müharibəsi iştirakçıları ilə  keçirilən bütün görüşlərdə onlar Ulu öndər Heydər Əliyev tərəfindən  II Dünya Müharibəsi iştirakçılarının keçdiyi qəhrəmanlıq  yoluna  doğru və düzgün qiymət verildiyini bildirmişlər.  Eyni zamanda veteranlar alman faşizminin bəşəriyyətə vurduğu ağır zərbələrdən danışmış, həmçinin 1988-ci ildən erməni faşizmi tərəfindən soydaşlarımızın doğma vətənində köçkün vəziyyətinə düşməsini, torpaqlarımızın 20 faizinin işğalını, 20 mindən artıq soydaşımızın isə şəhid olmasını ürək ağrısı ilə dilə gətirmişlər. Həmçinin ikinci dünya müharibəsi iştirakçıları Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər. Minnətdarlıq hissi ilə qeyd etmişlər ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ənənəvi olaraq, hər il 9 may qələbə günü ərəfəsində onlara və vəfat etmiş cəbhə yoldaşlarının ailələrinə, eləcədə arxa cəbhədə fədakarlıq göstərmiş insanlara birdəfəlik maddi köməklik olunması onlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür.
9 May-Qələbə Gününün 68-ci ildönümü  münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən  Böyük Vətən Müharibəsi iştirakçılarının hər birinə  maddi köməklik olunmuş və  ərzaq bağlamaları təqdim edilmişdir.

Keçidlər