Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdur
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli 566 nömrəli Sərəncamı ilə təsis edilmiş 22 noyabr-ədliyyə işçilərinin peşə bayramı günü laçınlı köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində də qeyd olunmuşdur.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun ədliyyə işçiləri və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri xüsusilə vurğulamışdır ki, zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsi Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Daha sonra Laçın Rayon Məhkəməsinin sədri Cavad İbrahimov və Laçın Rayon Prokuroru Ceyhun Almasov Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulamış, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan minnətdarlıqla danışmışlar.