“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdir
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 13-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcək laçınlı şagirdlərlə görüş keçirilmişdir.
Görüşdə rayon rəhbərliyi, şagirdlər, valideynlər, təhsil işçiləri iştirak etmişlər.
İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin önündə ucalan büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Tur-aksiyaya yola düşən məktəblilərlə Laçın Rayon İcra Hakimiyyətinin konfrans zalında görüşən Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli şagirdlərin inkişafında “Ölkəmizi tanıyaq” layihəsinin rolundan danışmış, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyaların müsbət nəticələr verdiyini bildirmişdir.
Məlumat verilmişdir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ölkədə görülən işlər, əldə olunan nəticələr, Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələrdən danışan rayon rəhbəri təhsil, səhiyyə, mədəniyyət, idman və ümumilikdə bütün sahələr üzrə böyük uğurlar qazanıldığını vurğulamış, tur-aksiyada iştirak edəcək laçınlı şagirdlərlə uğurlar arzulamışdır.
Sonra şagirdlər və valideynlər çıxış edərək, sözügedən maarifləndirici layihənin məktəblilərin inkişafında əvəzsiz rola malik olduğunu qeyd etmiş, yaradılan bu şəraitə görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər .
Yolasalma mərasiminin sonunda tur-aksiya iştirakçıları rayon rəhbərliyi ilə xatirə şəkli çəkdirmişlər.
Laçınlı tur-aksiya iştirakçıları xüsusi olaraq ayrılmış “Ölkəmizi tanıyaq” nişanlı sərnişin avtobusu ilə dövlət yol polisinin xidməti avtomobillərinin müşayiəti ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsindən ilk təyinat məntəqəsi olan Beyləqan (Xocavənd) rayonuna, orada da Quba-Qusar-Xaçmaz istiqamətində yola salınmışlar.