Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbirlər davam edir.
Respublikamızın hər yerində olduğu kimi, laçınlılar tərəfindən də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir. Yubileyin keçirilməsi ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayonun idarə, müəssisə və təşkilatlarında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, ümumtəhsil məktəblərində, klub və kitabxanalarda müxtəlif səpkili tədbirlər keçirilmiş, Ulu öndərin həyat və fəaliyyətinə aid stendlər hazırlanmış, ümumtəhsil məktəblərində IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır”, “Heydər Əliyev Müstəqil Azərbaycanın yaradıcısıdır”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa yazı, həmçinin musiqi məktəblərində və yaradıcılıq mərkəzlərində mahnı, rəsm və bədii qiraət üzrə müsabiqələr, rayon gəncləri arasında voleybol, futbol, cüdo və şahmat idman yarışları keçirilmişdir.
Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki Ümummilli liderin büstü və ərazidəki “Heydər Parkı”nda abadlıq və yaşıllaşdırma işləri aparılmış, idarə, müəssisə və təşkilatlarda “90 ağac” əkilməsi kompaniyası təşkil edilmiş, rayon sakinlərinin daha sıx məskunlaşdığı respublikanın rayon və şəhərlərində çoxsaylı ictimaiyyət nümayəndələri tərəfindən Heydər Əliyev Muzeyləri və Mərkəzləri ziyarət olunmuşdur. Bununla yanaşı vaxtı ilə Ulu öndər Heydər Əliyevlə görüşmüş rayon sakinlərinin ümumtəhsil məktəblərində və digər təşkilatlarda ictimaiyyət nümayəndələri ilə görüşləri təşkil edilmişdir. Həmçinin, Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Laçın” qəzetinin xüsusi buraxılışı hazırlanmışdır.
06 may 2013-cü il tarixdə isə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü qəsəbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı geniş tədbir keçirilmişdir.
Yığıncaqdan əvvəl rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ulu öndər Heydər Əliyevin büstü ziyarət olunaraq, önünə gül dəstələri qoyulmuş, Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendə baxış keçirilmişdir. Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında davam etdirilmişdir.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan yubiley tədbirini giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov açıq elan etdikdən sonra rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının bir dövlət kimi bu günkü mövcudluğunun 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlı olduğunu xüsusilə qeyd etmiş, həmçinin 2003-cü ildən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının uğurla davam etdirildiyi və dövrün tələbləri baxımından inkişaf etdirilərək ölkəmizin bütün sahələrində möhtəşəm nailiyyətlər əldə olunduğunu vurğulamışdır.
Tədbirdə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə ətrafında çıxış edənlər əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin geniş biliyə malik olmasını, xalqına hədsiz məhəbbətini və insanlara daim xeyirxahlıq hissi ilə yanaşmasını dərin məhəbbətlə xatırlamışlar.
Tədbirdə çıxış edən rayon ağsaqqalları və ziyalıları Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasını, ölkə başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini və daim laçınlılar tərəfindən də dəstəkləndiyini qeyd etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin vətəndaşı olduqlarından qürur duyduqlarını və iftixar hissi keçirdiklərini bildirmişlər. Eyni zamanda bildirilmişdir ki, bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xeyirxahlığı, insanpərvərliyi onun övladları və nəvələri tərəfindən daha geniş şəkildə davam etdirilir. Heydər Əliyev ocağının yetirməsi olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsi, tərəqqisi və dünyada tanıdılması istiqamətindəki yorulmaz fəaliyyəti isə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır. Yubiley tədbirində çıxış edənlər, ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı apardığı qətiyyətli və prinsipial siyasətin tezliklə bəhrə verəcəyini, bütün qaçqın və məcburi köçkünlərin işğaldan azad edilərək ata-baba yurdlarına dönəcəklərinə əminliklərini bildirmişlər.
Sonra tədbirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində keçirilmiş inşa yazı müsabiqəsinin, mahnı, rəsm və bədii qiraət müsabiqələrinin, rayonda keçirilmiş sərbəst güləş, şahmat, voleybol, mini futbol və cüdo yarışlarının qalibləri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmış, Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuşdur.
Eyni zamanda Taxta-körpü qəsəbəsində tanınmış incəsənət ustalarının iştirakı ilə geniş bayram konserti keçirilmişdir. Bayram tədbirində Taxta-körpü ərazisi, Bərdə, Beyləqan və digər rayonlarda məskunlaşmış 2000 nəfərdən çox rayon sakini iştirak etmişdir. Səsləndirilən rəngarəng musiqi nömrələri rayon sakinlərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır. Tədbir atəşfəşanlıqla başa çatmışdır.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı tədbirlər rayonda davam etdirilir.