Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Abşeron rayonunda keçirilmişdir.
2019-cu il 25 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Abşeron rayonu ərazisindəki 1000 ailəlik məcburi köçkünlər qəsəbəsində fəaliyyət göstərən Vüqar Niftəliyev adına Laçın rayonunun İmanlar kənd tam orta məktəbində həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
92 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən çox müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin rifah halının gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 18 iyun tarixdə imzaladığı 17 sərəncamı ilə minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artımın edildiyini bildirmişdir. Çıxışda həmçinin bildirilmişdir ki, Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata çatdırılmış, büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırılmışdır. Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı 20 faiz artırılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işlərini, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Rayon rəhbəri həmçinin çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı misilsiz xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda 19 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlər qəsbədə müvəqqəti məskunlaşmış sakinlər üçün mərasim evinin tikilməsi, qəsəbəyə gələn yola keçidin qoyulması, şəhid ailəsi statusunun verilməsi, işlə təmin olunma, əməkdar müəllim adının verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qəsəbə ərazisində özünüməşğulluğun təmin edilməsi üçün obyekt tikintisinə yer ayrılması, birdəfəlik maddi köməkliyin olunması, məcburi köçkün kimi qeydiyyata alınma məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.