Laçınlı Köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində növbəti iməcilik keçirildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdən biri kimi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi günü-gündən abadlaşaraq müasir yaşayış məntəqəsinə çevrilmişdir. Qəsəbədə əhalinin fasiləsiz elektrik enerjisi, qaz və su təminatı ilə yanaşı qəsəbənin abadlaşdırılması və təmizliyi Laçın rayon rəhbərliyinin diqqətində olan ümdə məsələlərdəndir. Bununla bağlı mütəmadi olaraq qəsəbə sakinlərinin və qəsəbə ərazisində fəaliyyət göstərən idarə müəssisələrin iştirakı ilə vaxtaşırı iməciliklər keçirilir, küçə və yollarda abadlıq, təmir işləri görülür.
25 oktyabr 2019-cu il tarixində keçirilən növbəti iməcilik zamanı da ərazidə fəaliyyət göstərən idarə müəssisələrin, Qayğı və 552 ailəlik qəsəbələrin küçələri, ərazidəki idarə, müəssisələrin, ticarət - iaşə obyektlərinin ətrafı zibilliklərdən təmizlənmiş, təmirə ehtiyac olan səki və istinad divarları rənglənmiş, müvafiq texnikanın köməkliyi ilə ərazidəki yol və küçələrdə hamarlanma işi aparılmışdır. Görülmüş işlər qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanmışdır.