Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi qeyd olunmuşdur.
24 aprel 2013 – cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü qəsəbəsində Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Yığıncaqdan əvvəl rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ulu öndər Heydər Əliyevin büstü ziyarət olunaraq, önünə gül dəstələri qoyulmuşdur. Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında davam etdirilmişdir.
Yubiley tədbirini giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov açıq elan etdikdən sonra, Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon rəhbəri Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva haqqında məlumat verərək, ölkəmizdə və dünyada Zərifə xanım Əliyevanı tanıyanlar tərəfindən yubiley tədbirlərinin təntənə ilə qeyd olunduğunu bildirmişdir.
Yubiley tədbirində Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar “İnsanlara nur bəxş edən ləyaqət nümunəsi” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə ətrafında çıxış edənlər gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın geniş biliyə malik olmasını, peşəsinə hədsiz məhəbbətini və insanlara daim xeyirxahlıq hissi ilə yanaşmasını dərin məhəbbətlə xatırlamışlar.
Eyni zamanda bildirilmişdir ki, bu gün Zərifə xanım Əliyeva zərifliyi, xeyirxahlığı, insanpərvərliyi onun övladları və nəvələri tərəfindən daha geniş şəkildə davam etdirilir. Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva ocağının yetirməsi olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsi, tərəqqisi və dünyada tanıdılması istiqamətindəki yorulmaz fəaliyyəti isə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır. Yubiley tədbirində həmçinin bildirilmişdir ki, ölkəmizdə və sərhədlərimizdən kənarda Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi geniş humanizm siyasəti isə Heydər Əliyev ideyalarının təzahürü olmaqla bu ocaqdan qaynaqlanan insanpərvərliyin təcəssümüdür.
Sonra tədbirdə Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində keçirlmiş inşa yazı müsabiqəsinin qalibləri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.