Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işləri başa çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli, 1040 nömrəli Fərmanına və bu Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli, 517 nömrəli Qərarına əsasən 2019-cu il oktyabrın 1-dən 10-dək ölkəmizdə əhalinin siyahıyaalınması keçiriləcəkdir.
Siyahıyaalmaya hazırlıq və onun keçirilməsi işləri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 17 yanvar tarixli, 01/05s nömrəli sərəncamı ilə təsdiq edilmiş “ 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı”na uyğun olaraq aparılır.
Siyahıyaalma ölkənin bütün hüdudlarında və yaşayış məntəqələrində olduğu kimi laçınlı məcburi köçkünlərin sıx şəkildə müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü ərazisində də keçiriləcəkdir. Odur ki, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişi ilə bağlı Laçın rayonu üzrə qarşıda duran vəzifələr haqqında” Laçın Rayon İcra Hakimiyyətinin başçısının 15 iyul 2019-cu il tarixli 152 nömrəli sərəncamı ilə rayonda Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının işi təşkil edilmişdir. Komissiyanın ötən dövr ərzindəki fəaliyyəti zamanı siyahıyaalınma məntəqələrinin telefon rabitəsi və digər zəruri avadanlıqlarla təchizatı təmin olunmuşdur.
Təqvim planına uyğun olaraq laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü ərazisində 1 siyahıyaalma məntəqəsi yaradılmışdır. Siyahıyaalma məntəqəsinin tərkibinə 6 təlimatçı və 31 sayıcı məntəqəsi daxildir. 2019-cu ilin avqust ayında siyahıyaalmaya cəlb ediləcək işçilərlə müvafiq ikitərəfli mülki-hüquqi müqavilələr bağlanılmış, ilin sentyabr ayında isə müqavilə bağlanmış şəxslərlə siyahıyaalma və sorğu vərəqələrində olan sualların cavablandırılması, habelə siyahıyaalmanın digər məsələlərinə dair təlimlər keçirilmiş, hər bir sayıcı üçün çantalar və siyahıyaalma ilə bağlı müvafiq sənədlər, o cümlədən müvafiq məlumatların daxil edildiyi sayıcının qeyd kitabçaları hazırlanaraq təlimatçı-nəzarətçilərə təhvil verilmişdir.
Təqvim planına uyğun olaraq əhalinin siyahıyaalmasına son hazırlıq işləri ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti və Laçın Rayon Statistika idarəsi ilə birgə görüləcək bütün işlər 30 sentyabr 2019-cu il tarixədək yekunlaşdırılmışdır.