Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.
2019-cu il 19 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik məcburi köçkün qəsəbəsində, Laçın rayonunun Şamkənd kənd uşaq musiqi məktəbinin binasında həmin qəsəbənin ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
Görüş-səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov iştirak etmişdir.
123 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Taxta Körpü ərazisindəki obalarda müvəqqəti məskunlaşmış sakinlərdən 645 ailəyə bütün infrastruktura malik yeni qəsəbə salınmasından danışan rayon rəhbəri qısa müddət ərzində tikintinin başa çatdırılacağını və sakinlərin istifadəsinə veriləcəyini, bununla yanaşı mərhələli şəkildə digər sakinlərin də yeni tikilmiş mənzillərlə təmin ediləcəyini bildirmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 12 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu qəsəbədə fəaliyyət göstərən rayonun 3 nömrəli körpələr evi-uşaq bağçasına əlavə qrupun verilməsi, qəsəbə ərazisindəki bulaq kompleksinin üstünə çardaq vurulması, II qrup Qarabağ əlilinə minik avtomobilinin verilməsi, qəsəbədə mərkəzləşdirilmiş kanalzasiya şəbəkəsinin çəkilməsi, qəsəbədə məişət tullantıları üçün konteynerlərin yenilənməsi və sayının artırılması, qəsəbədaxili yolların təmiri, müstəqil qaz istismarı idarəsinin yaradılması, təhsil məsələləri, qəsəbəyə təsərrüfat suyunun çəkilməsi, Taxta Körpü ərazisində qəsəbələrarası marşrut xəttinin istifadəyə verilməsi, rayon sakinlərinin daha sıx məskunlaşdığı Tərtər rayonunun Şıxarx kəndinə təbii qazın verilməsi, vahid aylıq müavinətin bərpası məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.