Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunda keçirilmişdir.
2019-cu il 6 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu Ağcabədi şəhərində fəaliyyət göstərən Laçın rayonunun 23 nömrəli tam orta məktəbində həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
48 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəbin pedaqoji kollektivini yeni tədris ili münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Eyni zamanda natiq çıxışında ötən dövr ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 7 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu əlillik qrupunun dəyişdirilməsinə köməklik olunması, yaşayış mənzilinin təmiri, ərazidə yaşayan məcburi köçkünlərin mənzillə təmin olunması, işlə təmin olunma, şəhid ailələrinə dövlət tərəfindən verilən müavinətin alınmasına köməklik olunması, yaşayış mənzilinin qazla təmin olunmasının həllinə köməklik olunması məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.