Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.
2019-cu il 15 avqust tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Qəbələ rayonunun Zarağan-2 məcburi köçkün qəsəbəsində, 31 nömrəli Kəlbəcər tam orta məktəbinin binasında həmin rayonun ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
48 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Taxta Körpü ərazisindəki obalarda müvəqqəti məskunlaşmış sakinlərdən 645 ailəyə bütün infrastruktura malik yeni qəsəbə salınmasından danışan rayon rəhbəri qısa müddət ərzində tikintinin başa çatdırılacağını və sakinlərin istifadəsinə veriləcəyini, bununla yanaşı mərhələli şəkildə digər sakinlərin də yeni tikilmiş mənzillərlə təmin ediləcəyini bildirmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 10 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu ərazidəki məcburi köçkünlər qəsəbəsində istilik sistemi ilə bağlı problemin həllinə köməklik olunması, I qrup Qarabağ əlili kimi avtomobillə təmin olunma, içməli su probleminin həllinə köməklik olunması, ərazidə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, elektrik xəttinin yenilənməsi, birdəfəlik maddi köməklik olunması və təsərrüfat suyu probleminin həllinə köməklik olunması məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov iştirak etmişdir.