Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları davamlı olacaq
Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov mart ayı ərzində laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları 18 yaşayış məntəqəsində rayon sakinləri ilə səyyar qəbul – görüşlər keçirtmişdir.
Ağcabədi rayonu Taxta körpü ərazisindəki Şeylanlı, Vağazin, Ərdəşəvi, Qozlu, Mişni, Alxaslı, Qarıqışlaq, Sadınlar, Hacılar, Qarakeçdi obalarında, Ağcabədi şəhəri Texniki Peşə məktəbinin yataqxanasında, həmçinin Bakı şəhəri ərazisində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində, Xətai rayonu Mirzə Davud küçəsindəki “Elektro-tok” qəsəbəsində, Qaradağ rayonu, Ümid qəsəbəsində, Qurd qapısı deyilən ərazidə, yeni Yasamal yaşayış massivində, eyni zamanda Bərdə şəhərində Texniki Peşə məktəbində, Şəki şəhəri yeni Çələbixan köçkünlər qəsəbəsində rayon sakinləri ilə keçirilən səyyar qəbul-görüşlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır. Bu qəbullar zamanı rayon rəhbəri respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş quruculuq və abadlıq işləri, eləcədə ölkəmizin yeganə problemi olan Ermənistan - Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlər barəsində sakinlərə məlumat vermiş, xüsusilə məcburi köçkünlərin problem və çətinliklərinin daim ölkə başçısının diqqətində saxlanıldığı, bu problemlərin həlli istiqamətində müvafiq dövlət Proqramlarının ardıcıllıqla həyata keçirildiyi sakinlərin nəzərinə çatdırılmışdır.
Ümumilikdə keçirilmiş səyyar qəbullarda 2711 nəfər rayon sakini iştirak etmişdir ki, onlardan da 110 nəfəri çıxış edərək onları narahat edən problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər. Səsləndirilmiş problemlər içərisində Taxta körpü obaları üzrə əsasən ərazidə yaşayış evlərinin tikintisinin sürətləndirilməsi istiqamətində tədbirlərin görülməsi, avtomobil yolları, içməli su, elektrik xətlərinin təmir edilməsi, bəzi obalarda yeni elektrik transformatorlarının qoyulmasının vacib olması, ərazilərdə meliorasiya işlərinin aparılması və vaxtaşırı həkim briqadalarının göndərilməsi, ünvanlı dövlət sosial müavinətinin ödənilməsinə köməklik olunması bildirilmişdir.
Həmçinin Bərdə və Şəki rayonları üzrə isə sakinlər məskunlaşdıqları mənzillərin təmiri və yeni mənzillərin tikilməsi üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmasını, imkansızlıqla əlaqədar maddi köməklik və müvafiq bir işlə təmin olunmalarına köməklik edilməsini bildirmişlər. Eyni zamanda Bakı şəhəri üzrə keçirilən qəbullarda isə sakinlər məskunlaşdıqları ictimai binaların təmiri, bəzi təhsil məsələlərinə köməklik olunması, mənzillə və işlə təmin edilmə barədə müraciətlər etmişlər. Ümumilikdə mart ayı ərzində keçirilmiş səyyar qəbul zamanı qaldırılmış 110 məsələdən 27-i artıq öz müsbət həllini tapmış, yeni mənzillərlə bağlı müraciət edən vətəndaşlara həmin məsələlərin yaxın vaxtlarda müvafiq Dövlət Proqramına uyğun həll ediləcəyi izah edilmiş, digər məsələlər həllinə köməklik edilməsi isə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərinə və ayrı-ayrı xidmət idarələri, müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılmış və müəyyən edilmiş vaxt ərzində rayon İcra Hakimiyyətinə arayış verilməsi nəzarətə götürülmüşdür.