Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Suraxanı rayonunda keçirilmişdir
2019-cu il 20 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsi 22 nömrəli yataqxananın mərasim evində həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
76 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin rifah halının gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 18 iyun tarixdə imzaladığı 17 sərəncamı ilə minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artımın edildiyini bildirmişdir. Çıxışda həmçinin bildirilmişdir ki, Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata çatdırılmış, büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırılmışdır. Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı 20 faiz artırılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işlərini, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda on üç nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu ərazidə yaşayan məcburi köçkünlərin mənzillərlə təmin olunması, veteran vəsiqəsinin alınmasına köməklik edilməsi, mərasim evinin təmir olunmasına köməklik olunması, vahid aylıq müavinətin bərpa olunması, işlə təmin olunma, birdəfəlik maddi köməklik edilməsi, yaşayış yeri üzrə qeydiyyat alınmasına köməklik olunması, kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün kredit götürülməsinə köməklik olunması məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.